Poem · Azərbaycan
Yerindədi bərəkəti hələ ki,
Yerindədi bərəkəti hələ ki, Öz evimiz-eşiyimiz sağ olsun. Çaynikimiz,qazanımız,peçimiz, Yürgəyimiz,beşiyimiz sağ olsun.
Yad ilmədən çeşni salır həvəmiz, Kəllə atır babamıza nəvəmiz.. Qoyunumuz,inəyimiz,dəvəmiz. Buzovumuz,köşəyimiz sağ olsun..
Ağ dənizdə ağ balıqdı baxtımız, İtə-qurda sərf olundu vaxtımız, Məzarımız- kəcavəmiz-taxtımız, Yorğanımız-döşəyimiz sağ olsun.
Hərə bir cür qulluq edir ağıla, Alma varmı bu axşamkı nağıla, Yamadıqca-suvadıqca dağılan, Cırığımız-deşiyimiz sağ olsun.
Bu tayda biz,o tayda siz yoxuymuş, Özümüzə dönməyə iz yoxuymuş.. Sözdən başqa heç nəyimiz yoxuymuş, O olmayan heç nəyimiz sağ olsun.
Bəs dedilər min oğuluq-min ərik. Nədən gedib kölgələrə sinərik.. Köhlən ata çatanacan minərik.. Qaragözlü eşşəyimiz sağ olsun..
Gəlir hələ qulaqlara fitimiz, Qımıldanır kirimizdə bitimiz... Xoruzumuz-toyuğumuz,itimiz, Siçanımız-pişiyimiz sağ olsun..
Published online
Source: https://ayazarabaci.com/writing/yerindedi-bereketi-hele-ki/