All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Yaxşı ki,mən səni çoxdan unutdum,

Ayaz Arabaçı

Yaxşı ki,mən səni çoxdan unutdum, Adın nə qəlbimdə,nə yadımda var. Sən subay öləcən demişdin,amma, İndi sevgilim də,arvadım da var..

Səsim qabaqkıtək bəm deyil daha, Çəkdiyim siqardı,qəm deyil daha, Heç nəyim həyatda kəm deyil daha, Üstəlik uçmağa qanadım da var..

Durmuşam hamıdan yuxarı qatda, Mən yazım birbəbir,sən oxu,çatda. Şir gücü yığılıb qoluma hətta, Dağları yenməyə inadım da var.

Əhvalım həmişə təzədi-tərdi, İt kimi qovmuşam həsrəti-dərdi, Şəhərdə nə varsa bizimkilərdi, Beş-altı şirkət də öz adımda var.

Baxma səndən ötrü çordu-vərəmdi, Dünya kef çəkdiyim nazlı hərəmdi, Mənim bir oğlumun adı Kərəmdi, Biri də Məcnundu,Fərhadım da var..

Ay belə doğuldu,gün belə batdı.. Söz gəlib axır ki,məqama çatdı.. Bunların hamısı bir zarafatdı, Xəyal qırıqlığı hər addımda var..

Published online