All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Yanğınlar başlar,

Ayaz Arabaçı

Yanğınlar başlar, anaların ürəyindən. Məbədlər mürgüləyər. Anaların ürəyinin yanğınlarını görərəm üfüqlərdə. Yağmurlar başlar anaların gözlərindən.. Dalğalar döyər sahilləri. Çovğunlar udar günəşi.. Göylərin məlahətli üzündən əsər-əlamət qalmaz.. Kəsilər budaqlardan quşların civiltisi. Uzaqlardan kədərli nəğmələr gətirər küləklər, Sonra bumbuz dodaqlarıyla Əlləri olmayan bir uşağın pəncərə şüşəsinə çəkdiyi əsgər rəsmini öpər.. Yağmurlar başlar anaların gözlərindən. Ayaqları olmayan bir uşağın palçıqlı yollardakı ayaq izlərini yalayar küçə itləri.. Gecə düşər.. İldırım çaxar,işıqlandırar şəhəri, İşıqlandırar gözləri görməyən bir körpənin arzularını.. Suya batmış qayığın içindən gülümsəyər Tanrı.

Published online