All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Vurub, vurub kövrəlməyin dəmidi,

Ayaz Arabaçı

Vurub, vurub kövrəlməyin dəmidi, Arzularım sünbül tutmuş zəmidi, Dəlidağda lövbər salmış gəmidi, Zirvələrin qaşındakı Kəlbəcər..

Alagöllər bir aynadı- bir nüma.. Qızıl günəş İlahiyə nur nüma Ətri gəlir nənələrin burnuma, Qırqovullu aşındakı Kəlbəcər.

Dərdlərimiz bizi yeyən dev oldu, Şüarımız "ölümünə sev" oldu.. Dönüb bir də eşik oldu-ev oldu, Sinəmizin daşındakı Kəlbəcər.

Saza dönən, sözə keçən ruhuma, Yağmadı qar, düşmədi çən ruhuma, Təsəlliydi dünənəcən ruhuma, Köhnə "UAZ" maşındakı, Kəlbəcər.

Saldıq getdi basa-basa, yaxşıdı, Bizi qırma, bu daş masa yaxşıdı.. Sevincindən partlamasa yaxşıdı, Ürəyimin başındakı Kəlbəcər,.

Könlümüzü oda saldı qayıtdı, Olanları yada saldı qayıtdı, İçimizdə ada saldı qayıtdı, Gözümüzün yaşındakı Kəlbəcər..

Published online