All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Vətən..

Ayaz Arabaçı

Dizini qatlayıb dərdini çəkən, Yorulmaq bilməyən bir kəlinəm mən. Hayanda istəsən taparsan məni, Gəzərgi məhəbbət heykəlinəm mən.

İşıqsız-havasız daş qəfəsdə də, Sən mənə Nəsimi,Babək kimi bax. Bil ki,son ayaqda-son nəfəsdə də, Sənə məhəbbətim azalmayacaq.

Mən sənin halına hər gün ağladım, Baxma ki,yamandan-yaman gündəyəm. Adını adlardan uca saxladım, Sevgini hər daim tərənnümdəyəm.

Səni misra-misra min il də yazsam, Yorulmaz ilhamım-təbim,bilirsən. Bircə yol sazını bağrıma bassam, Olar hər ağrıma həbim bilirsən..

Sənə qıyılası istə,nəyim var. Yox deyə bilmərəm istəsən nədən. Qumbara misallı bir ürəyim var, Bir də bir başım var qurbanlığa tən.

Mən səni sevməkdən niyə usanım, Mən səni sevməkdən niyə doyum ki.. Əgər məndədisə məlhəmin canım, Səni ağrımağa niyə qoyum ki..

Adın çəkiləndə elə coşuram, Ruhun alovumu-odumu çəkir. Ən gözəl şerimi sənə qoşuram, Ən ülvi nəğmələr sənə gərəkir..

Published online