All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Titrəyir dənizdə qürub günəşinin telləri

Ayaz Arabaçı

Titrəyir dənizdə qürub günəşinin telləri Dalğalar mizrab kimi çırpılır o tellərə. Gəmilərin yorğunluğu uyuyur axşamın nəfəsində... Qağayılar oynayır dalğaların kədərli ritmlərinə. İçimdə kimsəsiz limanlar.. Axşamın qaranlığı lövbər kimi çökür içimə. Xəyalımda yelkən kimi açılır dodaqların- Gedəkmi? Gedək! Budur, bitməyən sevdaların taleyi. Axşamın yarasında tutqun bir səadətin sükuta bələnmiş çiçəyi... Gəmilərin dumana qarışan izi, Cilalayır dənizi. Nəsə qışqırır külək, anlamadığım dildə elə hey. Dalğalar qatlayır dənizi səhifə-səhifə.. Eh bu dənizi nə qədər sevənlər oxuyub...

Published online