All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Titrədib həzin-həzin qəlbindəki simləri,

Ayaz Arabaçı

Titrədib həzin-həzin qəlbindəki simləri, İlk payız küləkləri yada salır kimləri, Cırıb hey varaq-varaq atırsan təqvimləri, Yadında ən gözəl bir gün kimi hansı qalır.

Dodaqları qəfildən çatlayır mələs narın, Hələ bir də yağışlar çiləyir narın-narın, Elə ki,zaman keçir,ötür qırğınlıqların, "O"na bir də təzədən qayıtmaq şansı qalır.

Ömür elə budu də,oddan çıxıb oda düş, Aradabir xatırlan,aradabir yada düş, Cibində naümid əl,dilində yağlı söyüş, Adam bəxtə,taleyə,dünyaya asi qalır.

İxtiyar təbiətin öz əlinə qayıdır, Yarpaqlar qərib-qərib xəzəlinə qayıdır, Hər nə varsa ilkinə-əzəlinə qayıdır, Adama təkcə elə,xəyal dünyası qalır.

Hamı öz istəyini gizləsə də dərində, Yeri müəyyən olur xeyirin də,şərin də.. Sən unuda bilərsən,amma haqq dəftərində, Etdiyin günahların ömürlük pası qalır.

İsinsə də bir ocaq buz bağlamış adınla, Parçalanır ürəyin ən acı fəryadınla, Özünü ovudursan evindəki qadınla, Ürəyində ilk eşqin əbədi yası qalır..

Deyil heç nə həyatda deyil gördüyün donda, Bir də çətin yaşanar o hisslər eyni tonda.. Ömürdü hey qovursan,qovursan amma,sonda, Bir daş,bir də üstündə əl boyda yazı qalır..

Published online