Poem · Azərbaycan
Tanrı nahaq göndərir, bizə yağışı qarı,
Tanrı nahaq göndərir, bizə yağışı qarı, Biz onsuz da min ildir gözü nəm yaşayırıq. Qolumuzun gücü yox, səsimizin vüqarı, Zilə limit qoyublar, zili bəm yaşayırıq.
Gəldim qəfəsdə gördüm, burda şir oğlu- şiri, Qoy bu sular durulsun, atam balası, kiri.. El bir olsa demişdi, bir vaxt müdrikin biri, Amma biz illərdi ki, təki cəm yaşayırıq..
Bəlkə bir yüz il keçə əzmi, əzm eləməkçün, Yoxdu ən iyrənc o söz yazıb, nəzm eləməkçün, Bu qədər alçaqlığı udub, həzm eləməkçün, Ucuz araqdan vurub ömrü dəm yaşayırıq..
Bizə qan-irin oldu vətənin ana südü, Nə zaman kəsiləcək bunların tənasülü, Bəxtimizə kim yazıb bu sarsaq tənasübü, Bir gün sevinc dadanda bir il qəm yaşayırıq.
Quru-quru alınmır, qələmini yaşla, yaz, Yaz ki, unudulmasın, betonla yaz, daşla, yaz, Şair aç, o dəftəri, deyim, başdan başla, yaz, Nəyi bol yaşayırıq, nəyi kəm yaşayırıq.
Biz niyə olduq axı, belə müqəvva, niyə? Yox, mən imza qoymuram heç bir müqaviləyə, Allah lənət eləsin görüm müaviəyə, Biz onun ucbatından cəhənnəm yaşayırıq..
Published online
Source: https://ayazarabaci.com/writing/tanri-nahaq-gonderir-bize-yagisi-qari/