Poem · Azərbaycan
Sürtük adamlardan gözüm yan keçir,
Sürtük adamlardan gözüm yan keçir, Candan səbr azalır,dözüm yan keçir, Gönü qalınlardan sözüm yan keçir, Əsas hədəfləri oxlaya bilmir.
Yerimdə tapmadı vaxt məni gəlib, O qızıl tac məni,taxt məni gəlib.. Başına daş düşmüş baxt məni gəlib, Yüz ildə bir dəfə yoxlaya bilmir..
Başında qoz qırır acı şirinin, Araq dükanı var Hacı Şirinin, Bu qədər harından hələ birinin, Qanun qulağından mıxlaya bilmir..
Qocalıb-qarıyıb cavan ümidlər, Damır başımıza tavan ümidlər, Süfrəsi-çörəyi yavan ümidlər, Bu aydan o ayı haqlaya bilmir.
On-on qayğısı var,beş-beş artımın, Dərdinə dərman yox qurd ulartımın, Papağı boş qalsın maaş kartımın, Bizi üçcə gün də saxlaya bilmir.
Kütləyə qoşulub çəpik döyürəm, Maaş cədvəlində qəpik döyürəm.. Səhərdən-axşama təpik döyürəm, Amma bir arzum da çağlaya bilmir.
Səhvəmsə didsinlər,ətim-millətin.. Mən necə hoyuna yetim,millətin... Dərdinə-qəminə yetim millətin, Heç kəs Ayaz kimi ağlaya bilmir..
Published online
Source: https://ayazarabaci.com/writing/surtuk-adamlardan-gozum-yan-kecir/