Poem · Azərbaycan
SƏMƏRQƏND...
Çatdım Səmərqəndə gecə düşəndə, Güclü yağış yağır, külək əsirdi.. Sanki bir zamanlar olmuşdum burda, Hər şey doğma idi, bilməm nə sirdi.
Sevdim ilk baxışdan adamları da, Sandım, keçənlərdən bax, biriyəm mən. Hara ürəyimə, könlümə yatsa, Deməli o yerin şairiyəm mən.
Nə azmaq qorxusu vardı canımda, Nə itmək qorxusu qədim şəhərdə. Xəyalən olmuşdum burda deyəsən, Mən ya bir axşamda, ya bir səhərdə.
İldırım qılınctək şaxıdı, keçdi. Gördüm ürəyini işığın, nurun. Qədim Səmərqəndin küçələrində. Ruhu dolaşırdı Əmir Teymurun.
Hardasa tarixdən qopub gələn səs, Ərən babaların ayaq səsiydi. Tarix göstərmişdi məharətini, Bura gözəlliklər xəzinəsiydi.
İlk bahar küləyi əlində fırça- Dünya gözlərimdə hey rənglənirdi. Axırdı saçımdan gümüş damcılar, Könlüm fəvvarətək fərəhlənirdi.
Gecənin içində ağappaq şəhər, Vəcdə gətirərdi hər ürəyi də. Uzaqdan qaralan qədim türbəyə, Baxıb xatırladım Uluğbəyi də.
Çatdım Səmərqəndə gecə düşəndə, Güclü yağış yağır, külək əsirdi.. Sanki bir zamanlar olmuşdum burda, Hər şey doğma idi, hər şey.. nə sirdi.
Cavan vaxtımızdı..zamandan qaçıb, Səyahət etmişdik bir ayrı keflə.. Mənə qardaşımtək əziz bir isan- Əsgərlik yoldaşım Donanbayevlə.
Olduğum hər evdə, hər bir süfrədə, Əllərin bərəkət nəğməsi vardı. Başqa şəhərlərə bənzəmirdi heç, Onun öz nəfəsi, öz səsi vardı.
Burda bir zamanlar tökülən qanlar, Bu gün bu torpağın al səhəriydi. Səmərqənd özümü dərk eləyəndən, Ruhumun müqəddəs bir şəhəriydi..
Doğma Özbəkistan gördüm sinəndə, Səmərqənd adında ürək döyünür. Mənə elə rahat, elə xoş idi, Burda qonaqmıydım yox əsla, heç cür.
Dolurdu daşırdı navalçalardan, Elə dayanmadan yağırdı yağış.. Sular küçələrdə şölələnirdi, Sanki bir xalçaydı yer naxış-naxış..
Bir gözəl keçirdi saçları islaq, Könlüm işıqlandı təbəssümündən. Ürəyim dalınca qanadlansa da, Yerimdə heykəltək donub qaldım mən.
Bağladı məhəbbət qığılcımları, Məni bu diyara daha dərindən. O qız don geymişdi əyninə sanki, Zərəfşan çayının nəğmələrindən.
Gülə bürümüşdü şəhəri yaz da, Çiçəklər yağışdan daranmış idi. Könlümə yatmışdı hava bir az da, Hər şey İlahidən yaranmış idi..
Vəcdə gətirmişdi söz bulağımı, Tarixi binalar qoşa dağ kimi. Buludlar yığılıb qədim şəhərin, Durmuşdu başında çal papaq kimi.
Sonra yağış kəsdi,külək dayandı, Ulduzlar sayrışdı səmada bir-bir. Qəfil misra-misra şeirə döndü, Qəlbimi ovlayan bu əfsun, bu sirr.
Published online
Source: https://ayazarabaci.com/writing/semerqend/