All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Sağa baxdım sağ cərimə,

Ayaz Arabaçı

Sağa baxdım sağ cərimə, Sola baxdım sol cərimə. Yola çıxdım yol cərimə... *********************************** Necə gəldi yağmala, sərvətimi, malımı, Min-min eşşəkarısı çəkib sorsun balımı, Düşünmə bir kərə də mənim rifah halımı, Amma elə bir ucdan cərimə tətbiq elə, Axtar-ara, ölümə-dirimə tətbiq elə, Cərimə tətbiq elə..

Qoy gözləri bozarsın kimin çoxdu şərəfi, Onsuz da bu fanidə hökm eləyir hər əfi, Cərimələ dayanma, yüz nəsil o tərəfi, Yəni miladdan bir az bərimə, tətbiq elə, Cərimə tətbiq elə.

Yuvasından çıxmamış bir gedişə matlayan, Baxıb gün-güzərana infarkt olub çatlayan, Eşşəyin qabağında dizlərini qatlayan, Şirimə tətbiq elə, nərimə tətbiq elə. Cərimə tətbiq elə..

Dərdimizə bir dənə dəvaya yer qalmasın, Elə taqətdən düşək davaya yer qalmasın, Tut bütün deşikləri havaya yer qalmasın, Toyuma-nişanıma, "həri"mə tətbiq elə, Cərimə tətbiq elə.

Ağrıları ötməyə məndən başqa ney yoxdu, Bu qiymətli menyüdə qandan başqa mey yoxdu, Görsən hər şey tükənib, görsən başqa şey yoxdu, Artıb gedən dərdimə-sərimə tətbiq elə, Xeyrimə tətbiq elə-şərimə tətbiq elə... Cərimə tətbiq elə.

Bizmi çox verəmmirik, cibinizmi dəlikdi?... Dörd tərəfim acgözdü, beş tərəfim ləlikdi, Eşitdiyim, gördüyüm hər şey cəriməlikdi, Soy dərimi, saman təp, dərimə tətbiq elə, Cərimə tətbiq elə.

Əli, Vəli, Pirvəli eyni aqibətdədir, İllərdi ki, gözləri yarım kilo ətdədir, Bəlkə məni eşitdi, Allah bu gün "xətt"dədir, Çünki, Allah kərimdi, Kərimə tətbiq elə, Cərimə tətbiq elə.

Mənlik deyil bu dünya, məndən keçdi,keç məni, Ya əvvəldən heçə say, ya axırdan seç məni, Daha vecinə almır ilham pərim heç məni, Özgəyə ilham verən pərimə tətbiq elə, Cərimə tətbiq elə.

Yad əliylə yazılır bu torpağın qədəri, Zavallı xəritəmiz bir sümükdü,bir dəri, Elə tez-tez basır ki, məni xəcalət təri, Bu gedişlə cəza kəs tərimə, tətbiq elə, Cərimə tətbiq elə....

Published online