Poem · Azərbaycan
Qüdrətindən çox yazıblar,
Qüdrətindən çox yazıblar, Mən də yazdım, anam dağlar. Qurulubdu sinən üstə, Əzəl gündən binam, dağlar.
Zövqüm səndə, səfam səndə, Sınanıbdı, vəfam səndə, Xəstə düşsəm şəfam səndə, Mənim İbn-Sinam, dağlar.
Könlüm göynər hər saniyə, Sevdim səni sorma niyə, Çox yaxınsan İlahiyə, Duam dağlar, sənam dağlar.
Axı səni necə atım, İlk eşqimsən, ilk afətim, Yoxdu başqa mükafatım, Bircə sənsən ənam, dağlar.
Bilməm hardan qəzəb gəldi, Dərd üstümə qızıb gəldi, Damarından sızıb gəldi, Sözümdəki mənam dağlar.
Durdun daim kürəyimdə, Qərarlıyam bu rəyimdə, Sənə mənim ürəyimdə, İtməz heç vaxt inam, dağlar.
Published online
Source: https://ayazarabaci.com/writing/qudretinden-cox-yaziblar/