Poem · Azərbaycan
Qulağımda göynəyən o hüznlü səsinlə,
Qulağımda göynəyən o hüznlü səsinlə, Ağrın könlümə yatır,dərdin canıma sinir. Şəhər nəğmə oxuyur,hər gecə nəfəsinlə, Buza dönmüş əllərim əllərində isinir.
Bütün soyuq yağışlar ünvanıma yönəlib, Gecədəki itlərin hamısı mənə hürür. Çağrılmamış qonaqtək bir payız günü gəlib, Hələ də aramızda ayrılıq hökm sürür.
Kimə tapşırıb yatım mən bu nigaranlığı.. Səni necə anladım,axı necə,mən sənə.. Bir qızılı rəng alıb gecənin qaranlığı.. Heç nə yaza bilmirəm öz hisslərimdən sənə.
Üstünü möhürləyib,altını qollayaram. Bir gün ərz eləyərəm ürəyimin halını. Darıxma bu gün-sabah sənə də yollayaram, Çəkdiyim ağrıların birgünlük icmalını.
Öz adım öz dilimin ömürlük qınağıdır. Hansı günah arınmır,hansı günah yuyulmur. Bu bəlkə də ciddi bir etibar sınağıdır. Niyyətində sandığın xırdalıqlar duyulmur.
Çiçəklərlə süslənib-bəzənib sən olan yer, Sına bilməz o yerdə könlümün piyaləsi. Mənə qolların üstə balaca bir oda ver, Belə ucuz tutulmaz bir şairin naləsi..
Gəl,bitsin bu savaş da,uzaq durma,yaxın dur.. Pələngdən geri qalmaz pozulsa əsəblərin.. Belə yaxşı ağrımır,bir az da dərinə vur, Dadlıdı-ləzzətlidi romantik qəzəblərin..
Published online
Source: https://ayazarabaci.com/writing/qulagimda-goyneyen-o-huznlu-sesinle/