Poem · Azərbaycan
Qəlbim bir kərə də heç olmamış ram,
Qəlbim bir kərə də heç olmamış ram, Düzü xəcalətəm sənin yanında. Köhnə qayıq kimi batıb-çıxıram, Hər gün o illərin burulğanında.. Nə vardı dumanlar içində o cür, Bir küskün gedişlə çıxıb getməyə. Çatmaz ən ilahi sözlərin gücü, Məni bu ağrıdan xilas etməyə. Sən məni hər zaman qatarında gəz, Payızda qürbətə köçən quşların. Çiçəyi çırtlamaz,dodağı gülməz, İçimdə boğulan çırpınışların. Sehrini itirib sehirbaz dilim, Çevirə bilmirəm sözləri ləl-ə.. Uzaq bir ulduzdan nə bilim gülüm, Bir də o möcüzə düşərmi ələ.. Əriyib-qurtarıb könlümün yağı, Yoxdu qol-qanadım uzaq mənzilə. Həyat indən belə məni,uzağı, Top kimi təpiklə qaldırar zilə. Sənmi yalan idin,mənmi gerçəkdim, Kimə nə faydası puç dəlillərin.. Oturub siqartək sinəmə çəkdim, Acı tüstüsünü uzaq illərin. Eləcə sətirdən-sətirə keçmə, Susmaz içimdəki bu yanıqlı ney. Nə var bu balaca şeirdə, heç nə, Bir vaqon şikayət,bir vaqon giley..
Published online
Source: https://ayazarabaci.com/writing/qelbim-bir-kere-de-hec-olmamis-ram/