All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Qəlbimin-könlümün duyuduqlarını,

Ayaz Arabaçı

Qəlbimin-könlümün duyuduqlarını, Girmərəm heç kimnən bəhsə yazaram. Bir gün uğur gələr uğurlanaram, Bir gün nəhs gətirər, nəhsə yazaram.

Yaram min zavodun yodundan çıxıb, Adamlar elə bil odundan çıxıb, Bu dünya insanlıq modundan çıxıb, Hamını təzədən dərsə yazaram.

Cənubu dəyişib Şərq eləyərəm, Ay kimi-Gün kimi bərq eləyərəm, Hər kəsi sevgidə qərq eləyərəm, Hərəyə bir gözəl busə yazaram.

Hələ ki gedirəm yolum duzadı, Sağ başa vursaydım bircə, bu zadı.. Yormaram heç kimi uzun-uzadı, Bundan bir azca da kəsə yazaram..

Unudub gedərəm bir anlıqları, Bayquşdan alaram viranlıqları, Qovaram ən zülmət qaranlıqları, İşığa yazaram, səsə yazaram.

Nə varlıq hədərdi, nə yoxluq hədər.. Bəs niyə könlümü çulğayır kədər, Bəlkə baş qatmışam indiyə qədər, Bəlkə indən belə nəsə yazaram.

Published online