Poem · Azərbaycan
Özüm boyda zülmət olub qalmışam,
Özüm boyda zülmət olub qalmışam, Kor kimiyəm işıqda mən,nurda mən. Oturubdu bir boz ağrı sinəmdə, Necə dinim,necə ötüm "Şur"da mən..
Anam dedi oxu,qayıt,pulla gəl, Demədi ki, gedib dovşan çulla gəl.. Apar məni dağ başında tulla,gəl.. Guya çıxıb neyləyəcəm Turda mən..
Biri çıxa bir haqq-hesab sora da.. Davam edər yuxum məndən sonra da, İnanmıram heç öləndən sonra da, İsrafilnən oyanmaram surda mən.
Nə çəkdiyim bu matəmdən bəllidir. Həm Adəmdən,həm Xatəmdən bəllidir, Şəxsiyyətim xəritəmdən bəllidir, Dönük çıxdım vətənə mən,yurda mən.
Yuxarıdı,kimə hardan yuxarı... Boğaz boydan,boy da dardan yuxarı, "Oturmuşam samovardan yuxarı" Tapşırmışam qoyunları qurda mən..
Qorxu məndə uzaqbaşı an çəkir.. Sözü mənə,məni sözə qan çəkir.. Çoxu bəlkə tanımağa can çəkir, Bağdadda kor xəlifədi,burda mən..
Published online
Source: https://ayazarabaci.com/writing/ozum-boyda-zulmet-olub-qalmisam/