Poem · Azərbaycan
Oturdum masama kədərli halda,
Oturdum masama kədərli halda, Ağrılar təzədi, ilaclar boyat.. Nə qədər sürünər adam xəyalda, O qədər dözülməz olub ki, həyat. İçmirsən alınmır, çəkmirsən olmur.
Yoxdu aydınlığa çıxmaq gümanı, Zülmətə aparır bu necə izdir.? Papiros tüstüsü, şərab dumanı, Yeganə yalançı təsəllimizdir. İçmirsən alınmır, çəkmirsən olmur.
Sevirəm əzəldən bu şam tərzini, Sevirəm-sevmirəm, nə hərləyirlər. Min dəfə düzənlə yaşam tərzini, Ondan min dəfə çox zəhərləyirlər, İçmirsən alınmır, çəkmirsən olmur.
Bu şeylər eləcə təbnən alınmır, Göz yaşı gərəkdi, nəzm eləməkçün. Bu qədər alçağı, gönüqalını, Bu qədər yaltağı həzm eləməkçün, İçmirsən alınmır, çəkmirsən olmur.
Sahibəm əzəldən bir üzə, yalnız, Zərrəcə azalmaz sözümdən çəkim. Üzdə verməsən də biruzə, yalnız, Mənimlə yüz faiz razısan, həkim, İçmirsən alınmır, çəkmirsən olmur.
Fərqini duymadım-nə bahar, nə qış.? Mənim ömrüm boyu içim qanadı. Bu dünya deyilən xaraba qalmış, Hayandan baxırsan dəlixanadı.. İçmirsən alınmır, çəkmirsən olmur.
Əslinə qalanda təbliğat deyil, Fikrim insanlığa xeyirdi ancaq. Zərərli şeylərə etməyin meyil, Bilirəm zərərli şeirdi, Ancaq, İçmirsən alınmır, çəkmirsən olmur.
Published online
Source: https://ayazarabaci.com/writing/oturdum-masama-kederli-halda/