All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Oturmuşdum içimdəki nəvada,

Ayaz Arabaçı

Oturmuşdum içimdəki nəvada,Endirmişdim bayrağımı davada,Birdən-birə bir yağmurlu havada,Durnaların payız köçü başladı..

Səhralığa,viranlığa ağladım,Üsul-üsul bir anlığa ağladım..Küçə boyu qaranlığa ağladım-Durnaların payız köçü başladı..

Ayrılığın səni-məni olmadı,Bir niyəsi,bir nədəni olmadı...Qəlbim heç cür durna dəni olmadı,Durnaların payız köçü başladı..

Şəkildəki ikimizdən çıxıldım,Bir simfonik musiqidən sıxıldım,Dəmbəziyib göyüzünə yıxıldm,Durnaların payız köçü başladı..

O naxışa,o ilməyə gecikdim,Ömür boyu sevilməyə gecikdim.Bir daş vardı çevirməyə gecikdim,Durnaların payız köçü başladı.

Üz aldılar hər qapıdan süləklər,Koldan-kosdan baş qaldırdı tüləklər,Gədiklərdə zingildədi küləklər,Durnaların payız köçü başladı..

Published online