All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Ömrü ehtiyatla sürə bilmədim,

Ayaz Arabaçı

Ömrü ehtiyatla sürə bilmədim, Bir ovuc yal üçün hürə bilmədim.. Taleyi Tanrının ərkinə qoydum, Dərdi yəhərimin tərkinə qoydum. Oynadım,oyunda cığallamadım, Heç kimin itini sığallamadım. Nə bir qansoranı,zəlini öpdüm.. Nə də bir alçağın əlini öpdüm.. Ən böyük sevinci hüzndə tapdım. Yetim bir uşağın üzündə tapdım.. Məzluma əl tutdum işim olanda, Canavar olmadım dişim olanda. Çox alçaq işlərin şahidi oldum. Yalnız haqq işimin şəhidi oldum Sürüşkən olmadım indikilərtək, Dayandım sözümdə ər oğlu ərtək. Əlimə düşəni israf elədim, Son hökmü verəndə insaf elədim.. Hər zaman ən dərin yarğana düşdüm, Min kərə döşəyə-yorğana düşdüm. Nə rəmlə güvəndim,nə baxta,getdim.. Gedəndə hamıdan qabaqda getdim. Tale diş qıcadı quduz it kimi, Bərkidim min illik qranit kimi. Qəlbimdə üfunət,azar,gəzmədim. Gedib satılmağa bazar gəzmədim. Qalsa da ruhumda qançır izləri.. Küləyə sovurdum dəyərsizləri. Dərd məndən əl çəkib-ayaq kəsmədi. Bir dəfə də olsun dizim əsmədi.. Halal çörəyimə dad vermədilər, Döyüşə yollandım,at vermədilər. Az oldu həyatda məni duyanlar, Sayldı-seçildi ölüyuyanlar. Amma mən heç nəyə məhəl qoymadım. Eşşəyə at deyib yəhər qoymadım. Qanımı şərabtək qədəhə çəkdim. Həyata şillətək qəhqəhə çəkdim. Sevdim minalanmış riskləri də.. Sevdim buz qatılmış viskiləri də. Bir neçə müqəddəs qadın da sevdim- Hamsını bir qızın adında sevdim.. Bu ömür,bu həyat hər şeyə dəyər.. Yazın,iradınız olursa əyər))

Published online