Poem · Azərbaycan
Neynəmişəm, yar mənə, pis-pis baxır,
Neynəmişəm, yar mənə, pis-pis baxır, Sevgili dildar mənə pis-pis baxır..
Qışda da qəlbimdə bahar görsənir, Şaxta, soyuq, qar mənə pis-pis baxır.
Könlümü dilləndirirəm ney kimi, Telli qopuz, tar mənə pis-pis baxır..
Bir qıza söz atmışam illər qabaq, İndiyəcən ar mənə pis-pis baxır.
Dilbərin ol tənəsi qurtarmamış, Üstəgəl, əğyar mənə pis-pis baxır.
Bağçada quyruq bulayır bağbana, Amma di gəl, xar mənə, pis-pis baxır.
Mən deyirəm ölkəni çox sağmayın, Bir neçə maldar mənə pis-pis baxır.
Bir kərə həq söz demişəm fanidə. Hər dəfə hünkar mənə pis-pis baxır.
Published online
Source: https://ayazarabaci.com/writing/neynemisem-yar-mene-pis-pis-baxir/