All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Neyləyəcək hər çəkdiyin dağ mənə,

Ayaz Arabaçı

Neyləyəcək hər çəkdiyin dağ mənə, Büsutuna Fərhad dərsi keçmişəm.. Sal gəmini sağa-sola qoy üzsün, Göz yaşıma Fərat dərsi keçmişəm..

Dağılıbdı, yörəm-yanım, qalmayıb, Alsam desən, yarı canım qalmayıb, Qorxulası imtahanım qalmayıb, Əlli ildə, Sirat dərsi keçmişəm.

Mənim ahım haqqa yetər, zil ahdı.. Şeytan babam şər işlərə ilahdı, Sözlərimin hərəsi bir silahdı, Mərmi, raket, qrad dərsi keçmişəm..

Düşmənini yaxşı tanı, yaşatma, A bambılı, a, moltanı, yaşatma, Mənə bir də o zindanı yaşatma, Yetmiş illik "brat" dərsi keçmişəm.

Kimə yazım mən bu şeri, ser, kimə, Biləmmədim "al" kimədi, "ver" kimə, Yaranandan gömrüyümə, vergimə, Quldur dərsi, pirat dərsi keçmişəm..

Əskik olmaz qeylü-qaldan ha..başım.. Ömür bitər, amma bitməz savaşım, Mənim niyə qalxmır ki, bəs maaşım, Eşşəklərə Qırat dərsi keçmişəm,

Published online