Poem · Azərbaycan
Mənə oxu deyən dədəm, oxudum,
Mənə oxu deyən dədəm, oxudum, A-dan, z-yə qədəm-qədəm oxudum. Gecə-gündüz yatıb-durdum kitabla, Kitablara ən müəzzəm xitabla. Gözlərimi al qanına bələdim. Nə tapdımsa ucdantutma ələdim. Şirin idi, gələcəyin vədi də.. Şirin idi Nizami də Sədi də.. Hər bir kəlam gələcəyə yozuydu. Oksigenim kitabların tozuydu. İz salmadım "əyər"lərin dalınca, Getdim ali dəyərlərin dalınca. Çörəkdən çox kitab vardı tabaqda, Gözəl günlər ballanırdı qabaqda.. Ən azından təlqinimiz beləydi, Yəni ki, yol, ərkan və iz beləydi. Gecələri gündüzümə toxudum, Mənə oxu deyən dədəm oxudum. Vaxt çatmırdı, çox vaxt, vaxtdan çıxırdım, Kantdan girib, Feyerbaxdan çıxırdım.. Neçə elmi dəyirmanda dən idim, Marks idi, Engels idi, mən idim.. Bir gün qəfil SSRi dağıldı, Dedim yəqin şans əsəri dağıldı. Dedim neynək, yanlış da bir naxışdır, Bu da başqa bir ümidə baxışdır. An içində müstəqillik qazandıq, Qan içində müstəqillik qazandıq.. Mullətimiz istiqlala qovuşdu, Necə desəmmm.. Yağa-bala qovuşdu. Həm sahildik, həm ümmandıq, həm ada. Yellənirdi bayrağımız səmada, Şellənirdi ulduzumuz, ayımız. Ballanırdı çörəyimiz, çayımız. Səda düşdü şəhərlərə, köylərə, Qanad çaldıq şahin kimi göylərə, Dedik daha bir gün doğar bizə də.. Dedik daha Öz əlimiz öz başımız olarıq. Öz yağımız, öz aşımız olarıq. Mənliyimiz yad əllərdə aşınmaz, Sərvətimiz yad ellərə daşınmaz. Sonra qəfil bu milləti böldülər, Ara yerdə çox adamlar öldülər. İçimizdə min-min ünsür yarandı, Min cür yanlış, min cür qüsur yarandı. Və beləcə çox p.. -püsür yarandı. Görməmişlər nə gördülər qapdılar. Özlərinə xoş güzəran yapdılar. Qarı nənə gözlərini yaşladı, Yerlibazlıq, tayfabazlıq başladı. Nədən desən qayırdılar deputat, Çullu dovşan, nallı eşşək, madyan at. Bəzi kişi adamlar da var idi, Onların da, meydanları dar idi.. İtdən - qurddan min cür töhmət götürdük, Bir il belə, beş il belə.. ötürdük. Başımıza gəlməyənlər qalmadı, Gördük yox bu, nə nağıl, nə almadı.. At oğrusu, it oğrusu, azarkom, Yol polisi, uçaskovu, bazarkom.. Hərə bir cür bazarlığa başladı, Çoban-çoluq yazarlığa başladı. Zibil kimi qalaqlandı kitablar, Kəbinləndi, talaqlandı kitablar. Sonra tamam zəhləm getdi kitabdan, Qor-qoduğa türlü-türlü xitabdan.. Çıxdı başa, neçə çölün danası, Ağlar qaldı ləyaqətin anası.. Yağmalandı vəzifələr bir ucdan, Nə söz qaldı, nə kişilik nə vicdan. Damğalandı şişə dəyən nə varsa.. Özəlləşdi dişə dəyən nə varsa.. Fürsətçilər, yaramazlar pul qırdı. Yeyib-içib, üstümüzə anqırdı. Ön sıraya ağlı çaşlar keçdilər. Zığlı gözlər, bitli başlar keçdilər. Yastı-yastı kəlimələr çoxaldı, Yolda-izdə cərimələr çoxaldı. Ay nə bilim nöyüt belə, qaz belə, Ay nə bilim zurna belə, saz belə Üzdə dövlət, üzdə bayraq, dalda pul, Hər qurumda verdə puldu, alda pul. Bu milləti yazıq günə qoydular, Harda necə bacardılar soydular. Gecələri gündüzümə toxudum, Mənə oxu deyən dədəm, oxudum. İki ali müəssisə bitirdim, Olan-qalan şansımı da itirdim. Görürsənmi nə gündəyəm oxudum.
Published online
Source: https://ayazarabaci.com/writing/mene-oxu-deyen-dedem-oxudum/