All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

mən sənə

Ayaz Arabaçı

mən sənə özümdən nə danışım ki, necə tanıyırsan eləcə bəsdi. belə götürəndə elə sənintək, mənim də ömrümdən küləklər əsdi. mən də çox yüyürdüm xəyal dalınca, mənim də gözümdən yağışlar axdı. elə sənin kimi həyatdan küsüb, mən də çox qınadım taleyi-baxtı. mən sənə özümdən nə danışım ki, sənsən ulduzları yaxama tikən. mən sənə özümdən nə danışım ki, səndən danışmağa qərarlı ikən. məni nə zirvə say, nə coşqun dəniz, sinəndə döyünən altuna boylan. gör harda dincəlir yorulmuş külək.. hərdən pəncərənin altına boylan.. mən bir az romantik parıltıların, ipək sığalından uzaq adamam. mən sənə özümdən nə danışım ki.. əlli yaşında da uşaq adamam. bir az yaxşı çıxmır dilə gətirmək, özümün-özümə bəy tərifini. yaxından tanımaq arzusundasan, sən bu sətirlərin müəllifini. dərdi yaşadıqca zövqə çevirdim, baş əyə bildiyim bir büt olmadı. həyatın ən ağır zərbələrindən, vüqarım heç zaman şil-küt olmadı. qət etdim ən uzun məsafələri, heç vaxt büdrəmədi yollarda atım. xarab eləməyə çalışsalar da, işlədi həmişə eşq aparatım. yaşadım ən şirin aldanışları, sevgim tikana da gülə də oldu. başına döndüyüm dönüb qəfildən, sinəmə tuşlanan güllə də oldu. sənin gözlərinin qızıl şəfəqi, istəsən könlümdə həmişə yaşar. mən sənə özümdən nə danışım ki, əgər qismət olsa zaman danışar.

Published online