All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Mən bilirdim o müqəddəs,ulu türbədə,

Ayaz Arabaçı

Mən bilirdim o müqəddəs,ulu türbədə, Ya gec-ya tez, vaxt gələcək yanacaq bu şam. Sən bir müddət yol getsən də üzü qürbətə, Arzularda, xəyallarda var idin Şuşam.

İtirmişdi qürurunu səninlə hamı, Vuruşmurdu şər önündə haq, vəkil kimi, Düz Bakının ürəyindən bir may axşamı. Asılmışdın rəngi solmuş bir şəkil kimi.

Mən səninlə gah yuxumda, gah xəyalımda, At belində dolaşaraq söhbət edirdim. Hətta belə yorğun-arğın xəstə halımda, Ən aşılmaz dağlarından aşıb gedirdim.

Sən özün də bir şeylərə gümanlanırdın, Qaynar odlu döyüşlərə çəkirdin məni.. Nə zaman ki, xəyalımda dumanlanırdın, Bəzəyirdim al günəşlə tutqun çöhrəni..

Kim deyir ki, mən Şuşada döyüşməmişəm, Döyüşmüşəm, qarda-buzda soyuqlamışam. Yatanda da üslubumu dəyişməmişəm. Yuxumda da Şuşa deyib sayıqlamışam.

Məni-məndən alıb gedən dadlı mey idin, Bir gün təbib, bir gün loğman, bir gün də həkim. Bülur-büllur ifasında Xanın, Seyidin, Uşaqlıqdan kəsilmişdin ruhuma hakim..

Dizin altda hər əmrinə mükəlləf dərə, Əzəmətli qalalara vermişdin çiyin. Göz atmışdım ara -sıra kitab--dəftərə, Tək bir adla qapanmırdı şəxsi kimliyin.

Cabbar, Hüsü, Keçəçoğlu, Sürəyya Qacar, Rəssam, bir gün mümkün olsa ürəyimi çək. Hər birisi bir aləmə bir qızıl açar, Oxuyanlar dodaq büzüb gətirməsin şəkk..

Sənin zülmət qaranlığın birdən düşmüşdü, Bilinmirdi nə müddətə sönübdür bu şam. Xəyalımız gizli-gizli çox görüşmüşdü.. Özümüzsə nə fərqi var.. . nə isə, Şuşam.

Yadımdadı qanla dolan şərab camları, Yadımdadı itkin düşən körpə balalar.. Yadımdadı o illərin qətliamları, Tarix onu necə udar, necə malalar?..

Published online