Poem · Azərbaycan
Mən
Mən durmuşdum küçədə.. Özümü öz evimdəymiş kimi hiss eləyirdim. Yanımda aclıqdan danışmağa halı olmayan gözləri çuxura düşmüş bir köpək uzanıb inildəyirdi.. Cibimdə bir xeyli pul vardı. Ürəyin nə istəyir deyə əyilib soruşdum, çəkinmə, adam kimi bir şeylər yeyə bilərsən.. Mən özgəsi deyiləm ki, deyə bilərsən. Adamlar təptəzə badam içi kimi ləpələnmişdi. Payız günüydü,günəş şüaları baharın əziz xatirəsi kimi səpələnmişdi.. İşıq telindəki quşlar bir-birini öyürdü. Qarşı küçədə bir ana balaca oğlunu döyürdü. Gözlərimlə öpüşlərə qərq eləyirdim gəlib-keçən qızları. Köpək unutmuşdu aclığını dərin xəyallara qapılmışdı, quyruğunu bulayırdı. Bir axmaq külək küçəboyu ulayırdı. Köpək bəlkə də fikirləşirdi ki, nə təmiz qəlbli insandı. Çantamda bir məktub vardı, arasında bir şəkil. Şəkli böyütdürməyə aparmışdım, məktubu yandırmağa.. Amma məktubu böyütdüm,şəkili yandırdım..
Published online
Source: https://ayazarabaci.com/writing/men-1798/