All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Keçib getdi ömrümüz gündə bir qaçaqovda,

Ayaz Arabaçı

Keçib getdi ömrümüz gündə bir qaçaqovda, Bir gün istidə yandıq, bir gün qarda-qırovda, Bir yerdə qərar tutub bitən deyil bu sevda, Həyat davam eləyir, yaşayırıq hələ ki..

Savaşımız kəsilmir kainatla, cahanla, Əzib udur bir ucdan mişar dişli dəhanla, Sınansaq da hər çətin, hər ağır imtahanla, Həyat davam eləyir, yaşayırıq hələ ki..

Min-min qayğı əlində düyümlənir qaşımız, Qovğalardan açılmır bir an olsun başımız, İşıq sürəti ilə ötüb keçir yaşımız, Həyat davam eləyir, yaşayırıq hələ ki..

Heç bir şeylə ödənmir ürəyin ehtiyacı, Gün çıxır acı-acı, gün batır acı-acı, Bütün bu acıların olmasa da əlacı, Həyat davam eləyir, yaşayırıq hələ ki..

Ruhumuzu titrədib dilləndirir saz kimi, Qışa don geyindirir allı-güllü yaz kimi, Dünya daim aldadır bizi sehirbaz kimi, Həyat davam eləyir, yaşayırıq hələ ki..

Gedirik bu yolları dolama da, kəsə də, Ən sonuncu işığa, ən sonuncu səsə də, Xoşumuza gəlsə də, lap elə gəlməsə də, Həyat davam eləyir, yaşayırıq hələ ki..

Published online