Poem · Azərbaycan
Keçib getdi ahımız göyün yeddi qatından,
Keçib getdi ahımız göyün yeddi qatından, Məzmunumuz kirildən, xəttatımız latından, Bir neçə sünbülbaşın nəfsinin ucbatından, Basdı bütün dünyanı kirrr, atam-qərdeşim..
Burda kimin bəxtinə gün gecə-gündüz çıxır, Bəzi xəlayiqlərin astarı nöş üz çıxır, Mən nə bilim kim niyə əyri girib düz çıxır, Birbaşa gəl mətləbə girrr, atam-qərdeşim.
Fərli bir ad tapmadım şerim üçün başlığa, Ağzını döndərmişəm ilhamımın daşlığa, Yoxdu bir əncam çəkən göz-görə, oğraşlığa, Yoxdu bir əncam çəkən, birrr, atam-qərdeşim.
Tək-tək aramnan danış, hər şeyi birdən demə, Şəkk elədim, bir daha möcüzə pirdən demə, Sən mənə hər dəm durub leksiya şirdən demə, Heç cür oyanmır axı şirrr, atam-qərdeşim.
İç-içə pərçimlənib at geninə it geni, Seyr eləyib qalmışam mən də bu hibrid geni, Bəllidi hər bir kəsin mənliyinin rentgeni, Yox dəxi gizlində bir, sirrr, atam-qərdeşim.
Published online
Source: https://ayazarabaci.com/writing/kecib-getdi-ahimiz-goyun-yeddi-qatindan/