Poem · Azərbaycan
Keçən il bu vaxt idi,
Keçən il bu vaxt idi, Qəlyanını yandırıb təzə sökülürdü dan. Hava almağa çıxdım revanol iyi verən Köhnə xəstəxanadan. Yatmağa qoymamışdı gecə səhərə qədər Başım üstə fırlanan məlun ağcaqanadın Zəhtökən cır səsi. Keçən il bu vaxt idi, Üşüdürdü könlümü payız küləklərinin İşıq dirəklərində çaldığı qış nəğməsi... Aşıb-daşan,tükənməz parlaq ehtirasıyla Çimdirirdi yağışlar narıncı köynəyini Soyunmuş ağacları. Gedirdim asta-asta cibimin ağuşunda Saxta diaqnozların şəfasız ilacları. Qarşıdakı binanın başında köhnə kran Yellənirdi bozarmış sınıq bir daraq kimi.. Asılmışdı önümdə buludunu ağlamış Səma, ağ varaq kimi. Gözucu salam verib gözətçi timsalında Gün keçirən qocaya, keçib getdim qapıdan... Dedim bir az dolaşıb qayıdacam "kapitan"... Qəlyanını yandırıb təzə sökülürdü dan. Zaman kürəklərində yerini rahatlayıb Dərdin yetmiş ilini yükləmişdi dalına., Ömrün son mənzilinə yaxınlaşan gözətçi Bürünmüşdü özünün çirkli,yun ədyalına. Qəlyanını yandırıb təzə sökülürdü dan, Nə qurtara bilərdi məni bu"katorqadan".. Endim baş alıb gedən uzun və boş küçəylə Tank altda qalıb-çıxmış Qəzet köşkünə sarı. Hələ açılmamışdı bahalı marketlərin Ağır göz qapaqları... Keçən il bu vaxt idi, Qoşulub içimdəki dəli bir burulğana Çıxıb xəstəxanadan gəzirdim veyil-veyil, Həkim domba gözüylə baxıb kardioqrama Əzəmətli nidayla, Demişdi ki, vəziyyət çox da qorxulu deyil....
Published online
Source: https://ayazarabaci.com/writing/kecen-il-bu-vaxt-idi/