All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

İllər öncə arzuların içində,

Ayaz Arabaçı

İllər öncə arzuların içində, Quş iliyi,can dərmanı varıydı.. Heç birisi belə cılız deyildi, Hər birinin əti-qanı varıydı..

Yazan vardı kitabını nərliyin.. Bükülmüşdü qol-qanadı xərliyin, İgidliyin- kişiliyin-ərliyin, Daş üyüdən dəyirmanı varıydı..

Dərd yoxuydu-sər yoxuydu əlli min.. Baxırdın ki, bir müşkülün həlli min.. İndi ağız büzdüyünüz müəllimin, Özünün də hər imkanı varıydı..

Ömür zalım heç kimə yük deyildi.. Xırda hisslər belə böyük deyildi.. Azərbaycan bölük-bölük deyildi, Xəritədə adı-sanı varıydı..

Dodağında günəş gülən puçurduq, Yeriyəndə yerimirdik, uçurduq, Qucaq açıb yeri-göyü qucurduq, Qəlbin min cür həyəcanı varıydı..

Yaşamağa güc tapırdı özündə, Hamı belə büdrəmirdi sözündə.. Ən əxlaqsız söhbətin də, sözün də, Bir ədəbi, bir ərkanı varıydı..

Published online