All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

İllər sonra eşitdim ,

Ayaz Arabaçı

İllər sonra eşitdim , səsini telefonda, Mənə zəng eləmişdin o axşam saat onda. Elə bil ki, minillik bir məzardan oyandım, Başdan-başa o səsin işığına boyandım. Yorğun əzalarımın təzələndi nəfəsi, Xatirələr rəfində saxlamışdım bu səsi. Saxlamışdım minillik bahalı şərab kimi, Ki, bir gün açıb içim, dinsə könlümün simi. Əvvəlcə inanmadım, bir şirin köks ötürdüm, Ürəyim əsə-əsə stul çəkib oturdum. Dedim yəqin yuxudur, gözümü açsam keçər, Ya da qarabasmadır ayılıb qaçsam, keçər. Durdum səsini aldım tamam, televizorun, Tüstülədi ürəyim astaca korun-korun. Bir getmişdi qayıdıb, üç gəlmişdi ayrılıq. Qəlbimizə o ki, var güc gəlmişdi ayrılıq. Öpdüm aramızdakı qışın soyuq qarından, Öpdüm ürəyindəki köhnə yaralarından. Dolandı xəyalımdan nə qədər ölkə keçdi, Alov tutan içimdən sərin bir kölgə keçdi. Gördüm ki, ürəyimdə hələ də yanır o şam. Dedin unutmusanmı, Dedim unutmamışam. Astaca pıçıldadın-səsin titrədi: -sağ ol. Dedin qaçıb gələrdim amma çox uzaqdı yol. Çaşmışdım, danışırdım dağdan düzdən, dərədən Bir papiros yandırıb boylandım pəncərədən. Yellənirdi küləkdə sarı məxməri güllər, Titrəyirdi soyuqdan ocaq yerində küllər. İllər sonra eşitdim , səsini telefonda, Mənə zəng eləmişdin o axşam saat onda. Dedin cəzam nədisə, ikielə kəs mənə.. Nələr xatırlatmadı nələr ey,bu səs mənə...

Published online