All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Həyat məni bez kimi istifadə elədi,

Ayaz Arabaçı

Həyat məni bez kimi istifadə elədi, Baxmadı ki, mən onun ipək-sətin oğluyam.. Ona görə bu qədər ağrı-acı yaşadım, Ona görə bu qədər müsibətin oğluyam.

Dağ üstə dağ qoyardım təkim təkimnən olsa, Bir xəstə də qalmazdı, şəfa həkimnən olsa, Söhbətim tutmur mənim elə hər kimnən olsa, Mən atamın-anamın bir az çətin oğluyam.

Çalmışam qılıncımı nəyi var sola-sağa, Bir gün arana gedir ruhum, bir gün də dağa, Hər sözümün başına ip salıb çəkmə qağa, Mənə nə var, gündə bir təbiətin oğluyam..

Yarı yolda qoymayıb heç vaxt məni yaddaşım, Cəllad kötüyünəcən gedib çıxıbdı başım.. Nə olsun ki, sərsəri küləklərdi yoldaşım, Nə küçə uşağıyam, nə də ki, tin oğluyam.

Sərtdən-sərt adamıydım, oldum həlimdən-həlim, Elə iflic olub ki, tutmur ayağım-əlim, Uzaqdan tanımazsız, qoy bir az yaxın gəlim, Anası ağlar qalan məmləkətin oğluyam..

Bu bir cəza növüdü, nə bilim sürgün, ya da.. İstəmirəm düşməsin hansısa bir gün, yada.. Elə şeylər görüb ki, gözlərim bu dünyada, Mən bir də bu dünyaya gəlsəm itin oğluyam.

Published online