All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Həyat mənə nə qalmadı sanatdın,

Ayaz Arabaçı

Həyat mənə nə qalmadı sanatdın, İllərdi ki,sualınam,sorğunam. Hər fürsətdə ürəyimi qanatdın, Bir ömürdü fikirliyəm,yorğunam.

İki qolum iki qütbə ayrılıb, Neynəsəm də qovuşdura bilmirəm. Məqamında qılınc kimi sıyrılıb, Bəlaları sovuşdura bilmirəm.

Yazıları solub getmiş varaqdı, Sağlığıyla öyünəsi canım yox. Başdan-başa siqaretdi,araqdı, Damarımdan alınacaq qanım yox.

Gəl bircə yol hesabını aparaq, Nəyim vardı bölünəsi,bölmədim. Nə vaxt sağı sol elədik,solu-sağ, Kimi dedin,uğurunda ölmədim..

Məğlub çıxdım hər girdiyim savaşdan, Kor bəxtimi gecə-gündüz qınadım. Bir qırağa çəkilib də yavaşdan, Öz uğursuz taleyimi qınadım.

Hiylə gördüm qaldırdığın taxtda da, Boşa çıxdı boş illərin təlimi. Kirpiyimnən od götürən vaxtda da, Heç üzmədim ətəyindən əlimi.

Gah bu daşa,gah o daşa çırpılıb, Sərt inadım həlim oldu-həlimdən. Pələng kimi bir qəfəsdə çırpınıb, Nərildədim,nə gələrdi əlimdən..

Arzuları birnəfəsə bitirdin, Köməyində duran yox ki,naçarın. Bir ürəkdə qıfılını itirdin, Bir ürəkdən götürdüyüm açarın.

Yaraları mizrab-mizrab qaşınan, Könlüm qəmin sınıq telli sazıdı. Dedin bala,ağlı-bozlu yaşanan, Nələr varsa haqdan gələn yazıdı.

Alınası nə vardısa alıbsan, İtirmişəm inamı da,gücü də.. Çalınası nə vardısa çalıbsan, Nə qalıb ki, sinəmdəki mücrüdə.

Published online