All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Hər yeri dağ-dağdı,yanıq-yanıqdı,

Ayaz Arabaçı

Hər yeri dağ-dağdı,yanıq-yanıqdı, Min dəfə cəhənnəm odundan çıxıb. Kim nə ad qoyubsa xoşuna gəlib, Dəyişib əzəli adından çıxıb. Mənim ürəyimi oxşamır daha, Bu vətən duzundan-dadından çıxıb, Qoy necə yatıbsa eləcə yatsın, Onsuz da dünəni yadından çıxıb. Bu xalqı oyadıb neynəyəcəksən..

Başını qatmağa oyuncaq olsun, Oynayıb-oynayıb tirdə yatacaq. Bunu ki,bu qədər uyuşdurublar, Lap olsa şir oğlu şir də,yatacaq. Qulaq kəsiləcək moizələrə, Gedib nəzir qoyub pirdə yatacaq. Oyatma,gözünün qadasın alım, Gərnəşib təzədən bir də yatacaq. Bu xalqı oyadıb neynəyəcəksən..

Durub bölünəcək partiyalara. Düşmən torpağında kef eləyəcək.. Başına bəladı unutqanlığı, Satqını,xaini əfv eləyəcək. Seçkisi Marsda da,Ayda da keçsə, Hər dəfə bir ayrı səhv eləyəcək.. Sabaha bir qaşıq gümanımız var, Oyanıb onu da məhv eləyəcək.. Bu xalqı oyadıb neynəyəcəksən..

Naşükür deyil ki,qara günlərə, Qara qopuzunu çalıb dözəcək. Aylıq maaşına kəfənpulundan- Zaddan,nə versələr alıb dözəcək. Həyatı zəhərdən acı da olsa, Şirin xəyallara dalıb dözəcək. Bəxti gətiribdi dözüm sarıdan, Qalsa da tək biri,qalıb dözəcək. Çul kimi nə qədər tapdalasalar, Başını aşağı salıb dözəcək. Bu xalqı oyadıb neynəyəcəksən...

Published online