All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Hər axşam saat üçdə oyanıram.

Ayaz Arabaçı

Hər axşam saat üçdə oyanıram. Baxıram uzun müddət tükləri biz-biz dayanmış qaranlığa. Baxıram qaranlıqda güclə sezilən göbələyə bənzəyən yastı daxmalara. Baxıram kirayə pulunu ödəyə bilməyən tələbə kimi buludların dalında gizlənən aya. Hər axşam saat üçdə oyanıram, Gecənin dumanlı güzgüsündən boylanır bir səs. Toplayıram yuxularımın qırıntılarını. Sükutun rəngini çəkirəm yarpaqsız ağaclara. Hər axşam saat üçdə oyanıram- İlahi,rəhmin gəlsin aclara. Hər axşam saat üçdə oyanıram dalınca çapar salıram xəyallarımın. Səhərə yaxın gülümsünür üzümə yuxu.. Gecənin saçlarına dan üzündən dən düşür. Dan yeli uzaqlardan-uzanıb gedən çöllərdən, meşə ətəyindən,çay qırağından əlvan piyalədə yuxu gətirir..

Published online