Poem · Azərbaycan
Həkim ürəyimin yerini bilmir,
Həkim ürəyimin yerini bilmir, Gah solu göstərir,gah sağı mənə. Könlümdən nə keçir qanuna ziddir, Kim qoyub bu qədər yasağı mənə.
Dözərəm nə olsa hələ ki,dağ-mən.. Vətən,azalmasın dilimdə nəğmən, Kotanı öküztək çəkməyə rəğmən, Buğdası darğaya,başağı mənə..
Günəşin nuruyla doludu badəm, Yelkənim küləkdə köpür dəmadəm, O boyda cənnəti batırdı Adəm, Verdi bu dünyanı başağrı mənə.
Dərdim kor Həsənin piri boydadır, Tülkü var Afrika şiri boydadır, Biri var,qılçamın biri boydadır, Baxır yuxarıdan-aşağı mənə..
Gəldi öz başımda çatladı xətam, Bu axmaq gedişə özüm də matam, Mənə ağır gələn odu ki,atam, Dərs keçir dünənin uşağı mənə.
Tənələr yedikcə ağzı südcədən, Gördüm ki,dözmürəm vurdum düdcədən.. Tısbağa belində gəlib büdcədən, Bu "abbası" mənə,bu "şahı" mənə.
Hamı xoşbəxt olsun ev-eşiyində, Burnu qanamasın bir pişyin də.. Qoy dursun gül ağzım gül beşiyində. Çox da tərifləmə padşahı mənə..
Published online
Source: https://ayazarabaci.com/writing/hekim-ureyimin-yerini-bilmir/