Poem · Azərbaycan
Hava buludludur ürəyim kimi,
Hava buludludur ürəyim kimi, Yağış damlaları tökülür tək-tək. Titrəyir yavaşca könlümün simi, Bu qatar bir azdan yola düşəcək.
Saata baxıram şütüyür zaman, Üstündə yaddaşın küləyi əsir. Qatar tərpənməyə tələsir yaman, Həsrətin soyuğu adamı kəsir.
Bu qatar bir azdan yola düşəcək, Bircə söz deyəcəm, yadımda qalan. Şüşədən iki göz gülümsəyəcək, Birində həqiqət, birində yalan.
Bir qatar dil açır üzü payıza, Nə dilə çevirim mən bu lisanı?. Bax indi mən necə susum o qıza, Uzaqdan daha çox çəkir insanı.
Qatar havalanıb gedir irəli, Küləklər saçımı atır geriyə. Çıxıb pəncərədən qızın sağ əli, Sanki ayaq açır, mənə yeriyə.
"Əlvidamı" deyir, "gözləmi", deyir? Kəsir aramızı bir qara pərdə. İsti hıçqırıqla yazdığım şeir, Bir az da susqunluq qatır bu dərdə.
Sıyrılıb payızın sərinliyindən, Həsrət ağ bayraqla barışa qalxır. Fınxırıb sinəmin dərinliyindən, Ürəyim yollarla yarışa qalxır...
Published online
Source: https://ayazarabaci.com/writing/hava-buludludur-ureyim-kimi/