Poem · Azərbaycan
Gəlib çıxdı qızdırmalı soyuqlar,
Gəlib çıxdı qızdırmalı soyuqlar, Çiçəklərin ütüsünü aldılar. Bu ismətli ağaclara nə oldu, Bircə günə çılın-çılpaq qaldılar..
İsti-isti çulğalaşdı-qarışdı, Bir-birinə yer ətriylə,göy ətri. Əl-qol atıb dəli-dolu küləklər, Ağacların bədənini göyərtdi..
Elektrik xətlərində qaynaşan, Qaranquşlar dəstə-dəstə əkildi. Heybəsini-xurcununu doldurub, Qarışqalar yuvasına çəkildi.
Alagözlü,qarasaçlı buluddan, Səpələndi tanrıların göz yaşı. Ötüb-keçən gözəllərin əlində, Təzələndi çətirlərin yaddaşı.
Sırğagülü çiçəkləri odamda, Elə bildi üzü hələ yayadı. Doqquz aylıq səfərini bitirib, Qış qapıya əsasını dayadı..
Published online
Source: https://ayazarabaci.com/writing/gelib-cixdi-qizdirmali-soyuqlar/