All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Əzəl gündən qara gəlib dərsimiz,

Ayaz Arabaçı

Əzəl gündən qara gəlib dərsimiz, Əyri çalır düz havanı tərsimiz, Alovlanır başımızda hirsimiz, Çartaçartdı,çartaçartdı,çartaçart..

Belimizdə oynadıqca təpiklər, Həyat bizi xırdalayar,qəpiklər, Gündən-günə vüsət alır çəpiklər, Şartaşartdı,şartaşartdı,şartaşart.

Unutmuşuq qovurmanı,səbzini, Kimə verək,bu dərdlərin qəbzini, Tutmaq olmur qiymətlərin nəbzini, Artaartdı,artaartdı,artaart.

Çalıb çapır,çapıb-çalır darğalar, Şahə qalxır içimizdə dalğalar, Yerli-yersiz qarıldaşır qarğalar, Qartaqartdı,qartaqartdı,qartaqart..

Qüssə basıb xalqımızı bit kimi, Ömür keçir hər vağzaldan fit kimi, Hamı qapır bir-birini it kimi, Hartahartdı,hartahartdı,hartahart..

Qəsb olunub hərtərəfli diyarın, Oğlum-qızım,mübarəkdi biyarın, İndi əsil mövsümüdü xiyarın, Xartaxartdı,xartaxartdı,xartaxart..

Vurur bizi xəyalların buxarı, Kövrəlirik əlimizdə suxarı, Aparırlar ulaqları yuxarı, Dartadartdı,dartadartdı,dartadart.

Şair otur,ha baş çatlat,ha düşün, Xeyri yoxdu əzrayılla döyüşün, Biri düşüb bir qəpiyə söyüşün, Partapartdı,partapartdı,partapart..

Published online