Poem · Azərbaycan
Elə bildim yuxudu, gecə 3-ün yuxusu,
Elə bildim yuxudu, gecə 3-ün yuxusu, Telefon inildədi, qəfil bir-iki ağız. Təpəmdən dırnağıma basdı bədənimi su, Bənizim an içində ağarıb oldu kağız. Qatar tuneli kimi uğuldadı qulağım, Qəfil doğan şəfəqdən gözüm alacalandı. Əsdi dilim-dodağım, əsdi əlim - ayağım, Tarazlığım pozuldu, boyum balacalandı. Özümdə güc tapmadım qapını bağlamağa, Uşaqların yatdığı otağa səs getməsin. Telefonun o başı başladı ağlamağa- Adam gərək adamı bu cürə tərk etməsin. Susub qaldım eləcə, növbə mənə çatanda, Cəsarət eləmədim sual verməyə ona. Mən axı telefonu söndürmüşdüm yatanda, Bəs necə zəng çatırdı sönülü telefona. Necə danışırdı bəs, qapalı dairədən, Nəfəs dərməyə yer yox sanki hər tərəfdə O.. Danışırdı durmadan, çoxlu və sairədən, Bu gecənin hüznünə bəs edirdi bu tablo, İstədim üstümdəki yorğanı atım, durum, Gördüm üç-dörd nəfər var çarpayımın başında. Amma az keçmədi ki, nizamlandı şüurum, Baxdım gördüm ev deyil uzanmışam maşında. Baxdım gördüm telefon bir kənarda sönülü, Yandırdım, yaddaşında köhnədən qalma zənglər. Bu minvalla birtəhər rahatladım könülü, Ancaq heç cür sönmədi gözümdəki fişənglər. Adamlar deyinirdi, iki gündü ki, yağır, Bir yandan da şəhəri külək ağzına alıb. Sonra bir də yumuldu gözlərim ağır-ağır. Kimsə dedi yazığı qızdırma haldan salıb.
Published online
Source: https://ayazarabaci.com/writing/ele-bildim-yuxudu-gece-3-un-yuxusu/