Poem · Azərbaycan
Dünən köhnə
Dünən köhnə maskamı tapdım qoyun cibimdən. Silkələndim köklü bir çinar kimi dibimdən. Baxdım-baxdım kövrəldim, lap it kökündə idi, Qartək ağappaq maska qapqara gündə idi. Susdurmuşdu bir vaxtlar o bir çox naqqalları, Nazlanırdı əlimdə balaca saqqalları.. Dünyanı ki, qəfildən salmışdılar qəfəsə, Onunla bir can olduq hər gün nəfəs-nəfəsə. Elə ki, sökülürdü sübhün ilk çağında dan, İri-yekə burnumu gizləyirdi hamıdan. Bir dəfə də unudub evdə qoymuşdum onu, Kaş yaddan çıxaraydım ondansa, telefonu. Təzəcə minmişdim ki, köhnə bir avtobusa. Gəlib yaxaladılar polislər pusa-pusa.. Birisi gözlərini qorxunc-qorxunc bərəltdi- Sonra isə ağzını at ağzıtək çərəltdi: -Vətəndaş sənədlərin.. Yandan bir qoca kişi ah çəkdi dərin-dərin.. Yalvar-yaxar, dosta zəng yaramadı bir işə. Sorğu-sual eləyib çəkdilər məni şişə. Kin qəzəb hiddət, söyüş gəmirsə də içimi, Susdum yarasa yemiş yetim kitaylı kimi. Dördü birdən töküldü Allahaqqı üstümə, Yetişən də olmadı harayıma-tüstümə. Dedilər ki, düş gedək, aparırıq şöbəyə. Qulaq-zad asmadılar elədiyim tövbəyə. İçindən biri baxdı nəsə insafa gəldi, Elə bil ki can üstə xəstəyə şəfa gəldi. Dedi, cərimə yazın ,şöbəlik işi yoxdur. Bunu aparsaq belə şöbədə soxasoxdur. Aldılar vəsiqəmi, yazdılar cəriməmi. İçindən biri gülüb dedi, di dincəl əmi. Elə bil ki, cırıldı ürəyimin üzlüyü, Yüklədilər belimə palazqulaq yüzlüyü. Ötürürəm hələ ki, bu aydan o bir aya. Bəlkə pul zad tapıla..ümid qalıbdı yaya. Baxdım köhnə maskama, kövrəldim uşaq kimi.. Sızladı ürəyimdə xatirələrin simi..
Published online
Source: https://ayazarabaci.com/writing/dunen-kohne/