All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Dava illərində əllərini

Ayaz Arabaçı

Dava illərində əllərini günəşdə isidərdi oğlum. Mənim taleyə düyünlənmiş yumruqlarımdan xəbərsiz. Evimizin üstündən vertolyotlar uçardı, kişnəyərək köhlənsayağı. Öskürə-öskürə boğazını arıtlayardı qış. Kiminsə qarasına rusca söyərdi hərbi-hazırlıq müəllimi. Sərxoşcasına asılardı işıq telindən müvazinətini itirmiş dirəklər.. Gözləyərdi sübhəcən sərçələr anamın toyuqlara səpəcəyi dəni. İçimdəki yanğını söndürməyə bəs etməzdi lopa-lopa yağan qar. Tökülərdi başıma raketlərin yaraladığı ulduzların qanı. Gecəyarı külək qopardı, soyuqdan dişimiz-dişimizə dəyərdi. Oğlum günəşi tapmazdı əllərini isitməyə. Çöllü biyabandan boğuq motor uğultusu gələrdi qara fikirləri boğmağa. Oğlum günəşi axtarardı,anam deyərdi ki,gedib doğmağa...

Published online