Poem · Azərbaycan
Çox demirəm,eşq bir azca,
Çox demirəm,eşq bir azca, Pullu- paralı yaxşıdı. Kefin kök olandan sonra, Eşqin hər halı yaxşıdı.
Var yağımız, var balımız, Gülür üzə yığvalımız, Şükür olsun, əhvalımız, Yara varalı, yaxşıdı.
Düşünürəm içə-içə, Bir şey deyil çox iç-içə, Yar özü də beş-on küçə, Olsa, aralı, yaxşıdı..
Qoy çırpınsın ürək oxda, Mən toxdadım, sən də toxda, Dərd eləmə həkim, çox da, Könül yaralı yaxşıdı..
Düşdün suya, düşdün selə, Heç vermədin ömrü yelə, Arabaçı, ömür, elə, Ağlı-qaralı yaxşıdı..
Published online
Source: https://ayazarabaci.com/writing/cox-demirem-esq-bir-azca/