All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Çox elə də dəyişməyib,

Ayaz Arabaçı

Çox elə də dəyişməyib, Məmmədnəsirlər dövrüdü. Bir də məmmədnəsirlərin, Həmin həsirlər dövrüdü..

Məmləkəti çıxdım seyrə, Allah özü yozsun xeyrə, Üfüqlər var yaltaq şerə, Yaltaq nəsrlər dövrüdü.

Sağdan alaq, sola verək, Yorulanda mola verək, Bu ili də yola verək, Kəmlər-kəsirlər dövrüdü..

Nə olsun ki, hər şey az var, Heç gör aza etiraz var? Hər ağızda bir avaz var, Kənar təsirlər dövrüdü.

Hər söhbətin bir duzu, zad.. İçində qurd zad, quzu zad.. İsgəndərin buynuzu - zad.. Bilsən, nə sirlər dövrüdü..

Qannan töycü, cannan nəzir, İşindədi vəkil-vəzir, Məlikməmməd qoçda gəzir, Divlər, əsirlər dövrüdü..

Nə vəlvlə, nə zəlzələ, Bir sağ adam gəlmir ələ, Qasım kişi, bizdə hələ, Orta əsrlər dövrüdü..

Published online