All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Çəkiləsi dərd deyil, yazılası dərd deyil,

Ayaz Arabaçı

Çəkiləsi dərd deyil, yazılası dərd deyil,Gəlib salıb üstümə leşini kasıbçılıq.Nə vaxtdı hökm eyləyir aramızda iki zər,"Yek"ini mən atıram, "şeş"ini kasıbçılıq.

Həftə səkkiz,mən doqquz üstümə hürüb gedir,Zülümlə qazandığım ada tüpürüb gedir.Əlinə nə keçirsə silib-süpürüb gedir,Görəndə təmiz görür işini kasıbçılıq.

Bir ayağım oddadı, bir də üzür suda,Başı nəyə qarışıb, bəs nə iş görür Xuda...Məndən başqa elə bil bir şey yoxdu menyuda,Qıcayıbdı üstümə dişini kasıbçılıq.

Gəzirəm küçə-küçə veyil, səfil, sərgərdan,Yoxdu bu cəbhələrdə məndən böyük sərkərdə,Atışırıq uzanıb hərəmiz bir səngərdə,Birini mən atıram, beşini kasıbçılıq.

Nəyin nəyi doğrudu, nəyin nəsi yalandı?..Qoruma gəl girdiyin bu qəfəsi, yalandı...Ac olub kişi olmaq fəlsəfəsi yalandı,Hər addımda sındırır kişini kasıbçılıq...

Published online