All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bu riyazi eşq idi, vurduq, böldük hədləri,

Ayaz Arabaçı

Bu riyazi eşq idi, vurduq, böldük hədləri, Daha məqam gözləmə, dağıt bütün sədləri, Çevir arxası üstə ümid verən vədləri.. Sinəm əkin yeridi, həsrətini xış elə.

Çökdü bütöv bir şəhər sonuncu fəryadımdan, Bir də günəş doğarmı dodağında adımdan.. Desəm də deməsəm də hər şey çıxar yadımdan.. Amma hər gün öldürər o üzgün baxış elə..

Saçlarının dalınca barmaqlarım beş atlı.. Beş-altı söz qalıbdı, xatirimdə beş-altı.. Buludlar kimə belə ürəyini boşaldır.. Tökür hey dayanmadan bir ucdan yağış elə..

Keçdin qurtarmaq olmur, ümid tasma kimidir, Nəfəs yoxdu almağa, həyat astma kimidir.. Keçmiş də, gələcək də qarabasma kimidir, Məndə tutmursa tutmur, tutmayan naxış elə..

O ad ki tapınırdıq, o ad özü də heçmiş, Kim deyir ki bu yaşda unutmaq sözü gecmiş.. Boşalt bütün rəfləri, nə xatirə, nə keçmiş, Nə varsa mən qarışıq hamısını dış elə..

Sualların cavabı iki yerdə səhv düşüb, Memarı kimmiş görən, araya bir sədd düşüb, Acını çıxartmağa əlinə fürsət düşüb, Nə qədər bacarırsan, yaz ömrümü qış elə..

Birdəfəlik getməyə hər dəfə "qıl yazarsan" Gecələri gözündən şırıl-şırıl yazarsan, Mənə özün barədə vaxtaşırı yazarsan.. Vaxta çox az qalıbdır di dur, yır-yığış elə..

Published online