Poem · Azərbaycan
Bu mənfur adamlar, alçaq adamlar,
Bu mənfur adamlar, alçaq adamlar, Özünə hər şeyi sığışdırırlar. Şəhid balaların daşdan- divardan, Şəklini gizlincə yığışdırırlar.
Bu mənfur adamlar, alçaq adamlar, Haqqa divan tutur, qan uddururlar. Silib yavaş - yavaş yaddaşımızdan, Şəhid oğulları unutdururlar.
Sanki girməyibdi savaşa ərlər, Sanki Qarabağa səfər olmayıb. Qələbə zənbillə düşübdü göydən, Elə bil o boyda zəfər olmayıb..
Axı reklam deyil şəhid şəkili, İşbazın tamahkar elanı deyil. Ciblərə pul çəkib, para gətirmir, Qaz vur, qazan doldur planı deyil.
Kimin barmağı var bu gizli işdə, Belə aşılırsa bu əndazələr. Bizə tüpürməzmi durub məzardan, Bayrağa bükülmüş o cənazələr.
Adam özünü də unudar hətta, Unudar ömrünü-gününü kəsin.. Hamı adiləşə bilər həyatda, Amandır, şəhidlər adiləşməsin.
Savaşı qazanan aslan oğullar, Yazıqmı görünür, fağırmı gəlir.?. Sizə xatırladır dünəninizi, Yoxsa xatırlamaq ağırmı gəlir?..
Hansınız yüksəlib,hansı biriniz, Xalqın arzusuyla, etimadıyla?. Bir az silkələyin vicdanınızı. Çox alver etdiniz şəhid adıyla.
Ey alçaq adamlar, mənfur adamlar, Mənim bu şeirlə sizədir sözüm. Elə rədd olun ki, həyatımızdan, Sizi bu torpaqda görməsin gözüm.
Published online
Source: https://ayazarabaci.com/writing/bu-menfur-adamlar-alcaq-adamlar/