All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Biz belə azadlıq istəməmişdik..

Ayaz Arabaçı

Yiyəsiz qayıq tək qalıb ortada,Sınıbdı vətənin can avarları.Bu gün ermənidən betər talayır,Bu xalqı öz milli canavarları.Yetimin, yesirin gözündən axan,Qan-irin sayıram mən o varları.Biz belə Azadlıq istəməmişdik...

Bir də ayıldıq ki, ortadadılar,Qoxulu ağızlar, kifli beyinlər,Bir ucdan qaz vurub, qazan doldurur,"Ləbbeyk" havasında beyni peyinlər,Biz Vətən eşqiylə döyüşə getdik,Qaçıb pul qazandı, bəxti yeyinlər,Biz belə Azadlıq istəməmişdik...

Gəldi zər yiyəsi, oyun yiyəsi,Gəldi, bircə-bircə şişlədi, getdi.Hamını bir uzun fikir apardı,Hamı barmağını dişlədi, getdi.Getdi biganəlik damarımıza,Getdi qanımıza, işlədi getdi,Biz belə azadlıq istəməmişdik...

Ləyaqət özünü asıb öldürüb,Şərəf əyilməkdən yeddi qat olub.Xocalı, Kəlbəcər, Şuşa, Zəngilan,Bəlkə əlli yerdən sinəm, çat olub.Yenə yön varıydı, baytara-zada,İndi bar qızı da deputat olub,Biz belə Azadlıq istəməmişdik...

Yoxdumu, ixtiyar sahibi çıxıb,Bu iyrənc gedişi bir az əyləyə?Bir para adamlar çox şeyi bilmir,Biləndə özünü qoyub səyliyə.Bu heç, biz isəyən Azadlıq deyil,Oxşayır daha çox dərəbəyliyə,Biz belə Azadlıq istəməmişdik...

Aşığı şeş atdı oyunbazların,Namərdin hər yerdə naxışı tutdu.Dönüb xəritədə Təbrizə baxdım,Gözümü Arazın yağışı tutdu.Bəlkə də hamımız xoşbəxt olardıqBizi Qarabağın qarğışı tutdu.Biz belə Azadlıq istəməmişdik...

Ölür, bu dərdləri çəkə bilməyən,Ölür, xəcalətdən üzü sulusu.Heç kimin boynuna qoya bilmədik,Satdılar o boyda eli, ulusu.Gedib işləməyə, nə iş tapırıq,Nə çörək tapırıq, qarın dolusu.Xülasə qardaşım, mənim sözümün,Sonunda budu ki, məmmədqulusu,Biz belə Azadlıq istəməmişdik...

Published online