All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bir qotur maaşa gözünü dikib,

Ayaz Arabaçı

Bir qotur maaşa gözünü dikib, Üstümdə sağalmaz dərddi,yaradı. İçini yalannan dərzi ağ tikib, Cibimin əslində üzü qaradı.

Tikilib qoyulub aldanım deyə, Adicə astardı,qiyməti yoxdur. Dost-tanış yanında qürrələnməyə, Cibimin bir tikə qeyrəti yoxdur.

Yükünü daşıyır guya bir evin, Qıraqdan çoxunu yandırıb-yaxır. Üstümə tikilən beş-altı cibin, Hamısı ac-susuz əlimə baxır.

Qalmışam içində buzun soyuğun, Əlimi saldıqca qaralır qanım. Siz Allah,siz deyin bu boş oyuğun, Durub keşiyində niyə dayanım.

Önümdə hər zaman "yox" kimi dağ var, Analaya bilmirəm nədi bu kürlük. Mən özüm cəhənnəm arvad-uşaq var, Cibim oruc tutub puldan ömürlük.

Yəqin ki,"pulkəsən" vəfa qılmayıb, Adımı ad kimi almayıb vecə. Cibimin alnına pul yazılmayıb. Nə paltar geyinsəm boşdu eləcə.

Published online