Poem · Azərbaycan
Bir qotur təpəyə,bir çopur daşa,
Bir qotur təpəyə,bir çopur daşa, Dağ demək elminə yiylənmişik. Bir başdanxaraba,bir ağlı çaşa, Sağ demək elminə yiyələnmişik.
Bizi kim istəsə tez salır tora, Çox da oxşamırıq baxanda kora, Amma nə faydası ayrana-şora, Yağ demək elminə yiyələnmişik..
Susuruq naləyə,haraya baxıb, Susuruq ağrıya-yaraya baxıb, Qızara-qızara qaraya baxıb- Ağ demək elminə yiyələnmişik.
Qoymuruq heç zaman şitdiyi yerə, Qaçırıq inamın itdiyi yerə, Beş-altı qanqalın bitdiyi yerə, Bağ demək elminə yiyələnmişk..
Tapdayıb haqqını şilin,əlilin, Qapırıq payını neçə zəlilin, Goru nurnan dolsun Mirzə Cəlilin, Lağ demək elminə yiyələnmişik..
Published online
Source: https://ayazarabaci.com/writing/bir-qotur-tepeye-bir-copur-dasa/