All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bir- birindən göyərçin arzuların dalınca,

Ayaz Arabaçı

Bir- birindən göyərçin arzuların dalınca, Bir ovuc su atmağa ümid yeri qalmayıb. Günəş kimi doğulub it kimi gəbərirsən, Günəş kimi batmağa ümid yeri qalmayıb.

Qaranlığa yetməyir burda işıq zəhirmar, Qalır boğazımızda iki qaşıq zəhirmar, Elə çətinləşib ki, dolanışıq zəhirmar, Bir şey alıb-satmağa ümid yeri qalmayıb.

Bircə söznən də dönür, dönəlgəmiz dönəndə, Bu gün başqa tələbdi, dünən qaldı dünəndə, Gözümüzə soxurlar "sarı kartı" dinəndə, Təqaüdə çatmağa ümid yeri qalmayıb.

Yedizdirib böyütdük çoşqaları, cəhənnəm, Amma heç cür dolmadı boçkaları, cəhənnəm,. Başqaları demirəm, başqaları cəhənnəm, Özümü aldatmağa ümid yeri qalmayıb.

Olmadım heç bir kərə olmalı tədbirdə də, Təbiri caizdə də, caizi təbirdə də, Belə ki, mən görürəm, hətta heç qəbirdə də, Gedib rahat yatmağa ümid yeri qalmayıb.

Published online